BMT-nin Əhali Fondunun Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi hər il 25 noyabr-10 dekabr tarixləri arasında – qadınlara qarşı zorakılıq əleyhinə 16 günlük kampaniya dövründə cəmiyyətin müxtəlif təbəqələrinin diqqətini sözügedən problemə yönəltmək məqsədilə xüsusi tədbirlər həyata keçirir. Builki kampaniya dövründə Layihə komandası qadınlara qarşı zorakılıq (QQZ) problemini fotoşəkillərlə cəmiyyətə təqdim etməyi qərara alıb. 

Bu məqsədlə gənc fotoqraflar arasında “Qadınlara qarşı zorakılğa YOX deyək” mövzusunda” müsabiqə və üç günlük fotoşəkil sərgisi təşkil edilib.

Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə üzrə aparılan maarifləndirmə kampaniyasının bir hissəsi olan müsabiqə və sərgidə 16 fotoqrafın 30-dan artıq əsəri nümayiş olunub.
 
Peşəkarlardan ibarət münsiflər heyəti Mirsadıx Hüseynovu “Qızılgül tikanları” əsərinə görə birinci yerə, Mika Arifoğlunu “Mübahisə” əsərinə görə ikinci yerə, Dilarə Ağabəyovanı isə “Ağrı və göz yaşları” əsərinə görə üçüncü yerə layiq görüb. Müsabiqənin 5 digər iştirakçısı – Arif Hüseynli (“Qorxular”), Raminə Səadətxan (“Ümidsizlik”), Sfera Sky (“Yetər”), Emin Nuriyev (“Qırılmış ümidlər”) və Leyla Güləliyeva (“Erkən nikah”) həvəsləndirici mükafatlarla təltif olunublar.  
 
10 dekabr, Beynəlxalq İnsan Hüquqları Günündə, Müasir İncəsənət Mərkəzində baş tutan açılış mərasimində yerli və beynəlxalq QHT-lərin nümayəndələri, gender üzrə mütəxəsisslər, rəssam və fotoqraflar iştirak ediblər.
 
Sərgidə nümayiş olunan fotoşəkillərdən ibarət kitabça nəşr olunaraq tədbir iştirakçılarına, gender sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatara, gender üzrə təlimçilərə və s. paylanıb.
 
Sərginin keçirilməsində təşkilati dəstək Azərbaycan İncəsənət Konsulluğu/Səyahət QHT-si tərəfindən göstərilib.