GƏZ-lə mübarizədə kişilərin rolunun artırılması və qadınlara qarşı zorakılıq üzrə mübarizəyə kişilərin partnyor qismində cəlb edilməsi məqsədilə 15-17 aprel 2010-cu il tarixlərində Tiflis şəhərində Cənubi Qafqazda Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsi tərəfindən Təlimçilər üçün Təlim keçirildi.
Təlim kişilərin partnyor kimi cəlb edilməsi vasitəsilə qadınlara qarşı zorakılıqla mübarizə məsələləri üzrə tanınmış beynəlxalq mütəxəssis, eyni zamanda “Ağ Lent” kampaniyasının təsisçilərindən olan Maykl Kaufman keçirildi.
Təlimdə Azərbaycan, Gürcüstan və Ermənistandan dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, eyni zamanda, peşəkar proqram təlimçiləri iştirak edirdi. Azərbaycan tərəfi təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin təlimçiləri və bir sıra media işçisi ilə təmsil olundu.
Tədbiri açılış nitqləri ilə açan BMT-nin Əhali Fondunun Gürcüstan üzrə Baş Müşaviri, Gürcüstan Parlamentinin spikerinin müavinləri, ABŞ və Fransanın Gürcüstandakı səfirliklərinin nümayəndələri və digər natiqlər regionda qadınlara qarşı zorakılıqla mübarizə prosesində kişilərin oynaya biləcəkləri və əslində oynamalı olduqları rolun əhəmiyyətindən danışdı.
Təlimdə əsas diqqət iştirakçıları qadınlara qarşı zorakılıqla mübarizə prosesinə kişilərin cəlb olunmasının əhəmiyyətinə dair məlumatlandırmaq, onları aidiyyəti vərdişlərlə təmin etmək, eyni zamanda, gender əsaslı zorakılığın qarşısının alınması üçün fəaliyyət planlarının hazırlanmasına edilmişdi. Bu baxımdan təlimin əsas məqsədləri sözügedən mövzulara dair məlumatlandırmanı artırmaq, iştirakçıların gender əsaslı zorakılığın qarşısının alınması və cavablandırılması üzrə işə şəxsi öhdəlik hissini artırmaq, təlimçi və fasilitasiya vərdişlərini inkişaf etdirmək, müvafiq fəaliyyət planlarının hazırlanmasına başlamaq, regional ünsiyyət və əlaqələndirmə işinə töhfə verməkdən ibarət idi.
Təlimin ümumi təşkilati strukturu təlim iştirakçılarının qadınlara qarşı kişilərin törətdiyi zorakılıq, onun səbəb və nəticələri, eyni zamanda, müvafiq mübarizə strategiyalarını tədqiq etmək üçün geniş imkanlar yaradırdı. Təlim iştirakçı artıq bu istiqamətdə müəyyən biliklərə malik şəxslər olduğunu nəzərə alaraq, onların mövzu üzrə bilik və bacarıqlarını inkişaf etdirmək üzrə müvafiq addımlar atıldı. Təlim iştirakçıları sözügedən mövzular üzrə güclü şəxsi öhdəlik inkişaf etdirmək üçün ruhlandırıldı. Şəxsi təcrübələr və hekayələr vasitəsilə rahat mühitin yaradılması təlim iştirakçılarının bir çox mövzuları müzakirə edərkən özlərini daha rahat hiss etmələrinə yardım edirdi.
Təlimçi və fasilitasiya vərdişlərinin daha da inkişaf etdirilməsi də təlimin məqsədləri sırasında idi. Təlimin son iki günü qadınlara qarşı zorakılıqla mübarizənin daha səmərəli təşkili üzrə ölkələr üzrə fəaliyyət planlarının hazırlanmasına həsr olundu.
Təlim qiymətləndirməsi nəticəsində əldə olunmuş məlumata əsasən iştirakçılar təlimi ümumilikdə müsbət qiymətləndirib. Təlim iştirakçılarının böyük əksəriyyəti hesab edir ki, sözügedən təlim təşəbbüsünün əhəmiyyəti çox böyükdür, çünki məhz bu təlim nəticəsində onlar gender əsaslı zorakılıq üzrə, eyni zamanda, gender əsaslı zorakılıqla mübarizəyə kişilərin cəlb olunması və kişi qrupları ilə iş prosesində tələb olunan fasilitasiya bacarıqlarına dair bir çox yeni məlumatlarla təmin olunublar.
Təlim iştirakçılarının Gender Əsaslı Zorakılıqla Mübarizə Layihəsinin digər aidiyyəti qurumlarla əməkdaşlıq şəraitində həyata keçirəcəyi təlimlər, məlumat sessiyaları və s maarifləndirmə tədbirlərində təlimçi qismində iştirakı nəzərdə tutulur.



