Fəaliyyətə başladığımız ilk gündən etibarən müxtəlif insanlar layihəmizi necə dəstəkləyə biləcəklərinə dair suallarla bizə müraciət edir. Əgər, sizi də oxşar sual narahat edirsə, diqqətinizə çatdırmaq istərdik ki, siz layihəmizin fəaliyyətini müxtəlif yollarla dəstəkləyə bilərsiz və bununla da Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə və zorakılıq və ayrı-seçkilikdən azad cəmiyyət qurmaq prosesinə öz töhfənizi vermiş olarsız.
ÖZÜNÜZ MƏLUMATLANIN!
İnternet səhifələrimizdəki məlumatlarla yaxından tanış olmaqla gender əsaslı zorakılıq, xüsusilə də Azərbaycanda bu sahədə olan problemlərə dair məlumatlanın.
AİLƏNİZ, DOSTLARINIZ & QONŞULARINIZLA BU MƏLUMATI PAYLAŞIN!
Ətrafımızdakı insanlar gender əsaslı zorakılıq haqqında daha çox məlumata malik olduqca, bu cür halları real həyatda daha tez müəyyən edə biləcək, zorakılıq qurbanlarına yardım edəcək, eyni zamanda, özləri də zorakılıq etməkdən çəkinəcəklər.
BİGANƏ QALMAYIN!
Qadınlara qarşı zorakılıq ölkəmizdəki bir çox qadının gündəlik həyatının təəssüf doğuran hissələrindəndir. Lütfən, yadda saxlayın ki, qadınlara qarşı zorakılıq “ailə münasibətlərinin normal tərkib hissəsi” deyil, əksinə, bu hallar zorakılığa məruz qalan istənilən şəxsin insan hüquqları və əsas azadlıqlarının kobud şəkildə pozulmasını təşkil edir. Qadınlara qarşı zorakılıq cinayətdir. Bu cür zorakılığın şahidi olduğunuz təqdirdə, lütfən, müvafiq instansiyalara məlumat verin. Unutmayın ki, anonim belə olsa edəcəyiniz bircə zəng İnsan Həyatını Xilas Edə Bilər!
FƏALİYYƏTİMİZİ MALİYYƏ BAXIMINDAN DƏSTƏKLƏYİN!
GƏZM layihəsi Azərbaycanda gender əsaslı zorakılığı aradan qaldırmaq istiqamətində həyata keçirilən pilot təşəbbüslərdəndir. Lakin, həyata keçirdiyimiz fəaliyyətlərin davamlılığını təmin etməm məqsədilə maliyyə dəstəyinə ehtiyacımız var. Fəaliyyətlərimizi dəstəkləmək iqtidarında olan donor/təşkilatlar haqqında bizə məlumat verməniz işimizə böyük töhfə verə bilər.
Gəlin Azərbaycanda GƏZ-i tarixə çevirmək üçün birgə çalışaq!



