Məqsəd qruplarının maarifləndirilməsi (MQM) GƏZM Layihəsinin ən əsas komponentlərindən birini təşkil edir. Məlum olduğu kimi, maarifləndirmə tədbirləri hər hansı bir mövzu üzrə əhalinin məlumatlandırılması və yeni bilik və bacarıqlarla təmin edilməsi, eyni zamanda davranış dəyişikliklərinə nail olunması istiqamətində böyük rol oynayır. İstənilən cəmiyyətdə gender əsaslı bərabərsizliyin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər silsiləsində təlim proqramları mərkəzi yerlərdən birini tutur. Bunu rəhbər tutaraq, GƏZM Layihəsinin MQM komponenti aşağıdakı tərkib hissələrdən ibarətdir:

 

 

Təlim vəsaitinin hazırlanması

 

Təlim materialı iki növ təlim proqramı üçün nəzərdə tutulub: 5 günlük Təlimçilərin Təlimi və 2 günlük Məqsəd Qrupları üçün Təlim. Təlim vəsaitinin əsas məqsədi təlimçiləri və seçilmiş məqsəd qruplarının nümayəndələrini GƏZ problemi, eyni zamanda, GƏZ-ə haqq qazandıran münasibətlər və stereotiplərə dair məlumatlandırmaqdan ibarətdir. Vəsaitdə GƏZ problemi insan hüquqları çərçivəsində tədqiq olunur. Təlim vəsaiti Azərbaycanda GƏZ probleminə dair məlumatı özündə əks etdirən giriş hissəsi ilə başlayır (qanunvericilik bazası, beynəlxalq öhdəliklər, institusional dəstək xidmətləri və s.), Vəsaitdə istifadə olunan əsas əsas nəzəri konsepsiyaların tərifini verir, oxucunu hər təlim proqramının məqsəd və vəzifələri və təlim proqramlarının ümumi metodologiyası ilə tanış edir, eyni zamanda, hər bir təlim qrupu ilə iş üzrə məqsədli tövsiyələr verir. Azərbaycan dilinə tərcümə edilmiş və GƏZ-ə dair müxtəlif ölkələrdə olan problemlər üzrə çəkilmiş “Qadınlar cəbhə xəttində” adlı 4 DVD və Azərbaycanda ailədaxili zorakılıq və insan alveri mövzusunda çəkilmiş “Satılmış həyat” sənədli film də Vəsaitə daxil edilib. Təlim Vəsaitində qiymətləndirmə üsulları və nümunəvi qiymətləndirmə forması da ayrıca yer alıb.

 

Təlimçilərin təlimi

Bu layihə komponenti vasitəsilə Azərbaycanda gender əsaslı zorakılıq üzrə ixtisaslaşan təlimçilərin hazırlanması nəzərdə tutulub. Buna nail olmaq məqsədilə ümumilikdə layihənin icrası dövründə 210 nəfəri əhatə edən 5 günlük təlimlərin keçirilməsi planlaşdırılıb. Hazırda bu qəbildən olan təlimlərdə 150 nəfər iştirak edib.

 

Məqsəd qrupları üçün təlim

Məqsəd qrupları üçün təşkil olunacaq 2 günlük təlimlərdə yuxarı sinif şagirdləri və universitet tələbələri olan qızlar və oğlanlar və orta məktəb müəllimlərinin iştirakı nəzərdə tutulub. Gənclər və müəllimlər gender və gender əsaslı zorakılıq üzrə iştiraka əsaslanmış interaktiv vasitələrlə məlumatlandırılacaq. 

 

Zorakılıq qurbanları üçün dəstək qrupları

Layihə çərçivəsində zorakılıq qurbanları olmuş qadınlar üçün məlumatlandırma sessiyaları və qurbanlara dəstək qrupları təşkil olunur. GƏZ qurbanları üçün səmərəli istiqamətləndirmə xidmətlərinin olmamasını nəzərə alaraq layihə çərçivəsində əsası qoyulmuş bu təşəbbüs “Qadın Böhran Mərkəzi” yerli QHT-si ilə əməkdaşlıq şəklində həyata keçirilir. Layihənin bu komponentinə aşağıdakılar daxildir: gender əsaslı məişət zorakılığı və gender əsaslı zorakılığın digər formalarına məruz qalan şəxsləri onlara qarşı baş verən zorakılıq halları ilə mübarizə apara bilmələri üçün bir sıra praktiki və nəzəri biliklərlə təmin etmək, onların gender əsaslı zorakılıq, onun əsas xarakteristikaları, səbəb və nəticələri və qadınlar, kişilər və uşaqlara olan təsirini anlamalarına yardım etmək, zorakılıq qurbanlarını problemləri haqqında danışa bilmək, təcrid edilmiş vəziyyətdən çıxa bilmək, stereotiplər və qorxuları ilə mübarizə apara bilmək üçün təhlükəsiz və dəstək verici mühitlə təmin etmək, peşəkar psixoloq tərəfindən keçirilən qrup terapiyası sessiyaları vasitəsilə GƏZ qurbanlarının reabilitasiyasına yardım etmək, eyni zamanda onlara problemləri ilə əlaqədar hüquqi yardım göstərmək.