Məlum olduğu kimi, GƏZ ailədə, icma və yaxud digər mühitdə baş verməsindən asılı olmayaraq insan hüquqları və əsas azadlıqların kobud şəkildə pozulmasını təşkil edərək, qadınların qərar qəbul etmə proseslərində iştirakına ciddi maneələr törədir.
Təəssüf hissi doğurmasına baxmayaraq, GƏZ uzun müddət ərzində Azərbaycanda ailə münasibətlərinin qaçılmaz elementini təşkil edib. Lakin, GƏZ əksər hallarda ailənin daxili məsələsi hesab olunub və məhz bu səbəbdən də məsələyə müdaxilə ailənin daxili işlərinə qarışmaq kimi qəbul edilib. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra istənilən cəmiyyətdə modernləşmənin və sosial inkişafın əsasını təşkil edən demokratiya, insan hüquqları və qanunun aliliyinə hörmət prinsipləri dövlətin ali məqsədləri sırasında sadalandı. Qadın hüquqlarını tənzimləyən sənədlər də daxil olmaqla, əsas beynəlxalq insan hüquqları sənədləri ratifikasiya edildi. Qadınların Siyasi Hüquqları üzrə Konvensiya, Nikahda olan Qadınların Milliyyətinə dair Konvensiya, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahların qeydə alınması haqqında Konvensiya Azərbaycan Respublikasını qoşulduğu beynəlxalq razılaşmalar sırasındadır. 1995-ci ildə Azərbaycanın qeyd-şərtsiz şəkildə qoşulduğu Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Konvensiya və Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitənin qəbul etdiyi 19 saylı Ümumi Tövsiyə ölkədə GƏZ-lə mübarizə üzrə siyasətin hazırlanması üçün zəmin yaradan əsas sənədlərdir. 2001-ci ildə Konvensiyanın Birinci Fakültativ Protokolunun ratifikasiyası BMT-nin Qadın hüquqları üzrə Komitəsinə fərdi şikayətlərin göndərilməsinə, İnsan hüquqları və əsas azadlıqlar haqqında Avropa Konvensiyasına qoşulma isə zorakılıqdan azad həyat hüququ daxil olmaqla, Konvensiyada əks olunmuş hər hansı bir hüququn pozulacağı təqdirdə Avropa Məhkəməsinə şikayət üçün şərait yaratdı.
Bu yeniliklərlə yanaşı ölkənin qanunvericilik sisteminin bu beynəlxalq insan hüquqları standartlarına uyğunlaşdırmaq məqsədilə bir sıra qanunvericilik islahatları keçirildi. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ölkədə kişi və qadınların bərabər hüquq və imkanlarını təmin etmək məqsədilə atılmış ilk addımlardan biri kimi hesab olunmalıdır.
2006-cı ildə qəbul edilmiş “Gender Bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu kişi və qadınları siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahələrində bərabər imkanlarla təmin edir və gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılmasının vacibliyini bir daha vurğulayır.
Nazirlər Kabinetinin 2007-ci il 25 yanvar tarixli qərarı ilə qəbul edilmiş “Demokratik cəmiyyətdə gündəlik zorakılıqla mübarizə üzrə Respublika Kompleks Proqramı” ölkədə gender əsaslı zorakılıqla mübarizəyə zəmin yaradan əsas sənədlərdəndir.
Hazırda Milli Məclisdə Məişət Zorakılığı üzrə Qanun layihəsinin müzakirələri aparılır. İlkin oxunuşdan sonra sənəd müvafiq tövsiyələrin alınması üçün ATƏT və Avropa Şurası kimi beynəlxalq qurumlara göndərildi. Qəbul ediləcəyi təqdirdə sözügedən layihə ölkə qanunvericiliyi tarixində ailədaxili zorakılığı qanundan kənar elan edən və zorakılıq qurbanları üçün hərtərəfli müdafiə tədbirləri üçün əsas yaradan ilk sənəd olacaq.
Qeyd etmək lazımdır ki, GƏZ-in ciddi ictimai problem olduğu və problemə dair əsaslı cavab tədbirlərinin tələb olunduğunun qəbul edilməsi istiqamətində kifayət qədər nailiyyətlər əldə olunub. Və baxmayaraq ki, Azərbaycanda GƏZ problemi əsaslı kəmiyyət və keyfiyyət tədqiqatının yoxluğu və s. aidiyyəti problemlər səbəbi ilə hələ də araşdırılmamış problemlər sırasındadır, GƏZ-lə mübarizə üzrə əlaqələndirilmiş cavab tədbirlərinin təşkil olunması üçün bu istiqamətdə siyasi iradə, vətəndaş cəmiyyəti təşkilatlarının dəstəyi və qanunvericilik təşəbbüsləri əsaslı dəyişikliklərin edilməsinə böyük inam yaradır.
Azərbaycanda Zorakılıq və Qadınlar üzrə Qiymətləndirmə Beynəlxalq Xilasetmə Komitəsi (İRC) – Azərbaycan (2004)
Gender Statistikası üzrə Hesabat Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası (2004)
Gender inteqrasiyası: USAIDS/Qafqaz/Azərbaycan üçün Gender Qiymətləndirilməsi Hesabatı (2004)
Qaçqın icmasında gender əsaslı zorakılıq (Ölkə üzrə Hesabat: Azərbaycan) Jeanne Ward, Qaçqın Qadın və Uşaqlar üzrə Qadın Komitəsi (2002)
Azərbaycan Demoqrafik və Səhiyyə Sorğusu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, UNICEF, USAID (2006)
Hazırda Azərbaycanda GƏZ-lə səmərəli mübarizənin təşkilinə mane olan amillər hansılardır?: Azərbaycanda GƏZ-lə mübarizə sahəsində mövcud olan problemlər aşağıdakı kimi ümumiləşdirilə bilər:
- GƏZ üzrə statistik məlumatın olmaması
- Gender bərabərliyi və GƏZ üzrə bilik və maarifləndirmənin az olması
- GƏZ-lə mübarizə üçün qanunvericilik, siyasət və planların məhdud olması
- GƏZ-lə mübarizə üzrə institusional sistemin məhdud olması
- GƏZ-lə mübarizə üzrə əlaqələndirmə və əməkdaşlığın məhdud olması
- Tədqiqat
- Maarifləndirmə
- Milli qanunvericilik və siyasət
- Bacarıqların artırılması
- Əlaqələndirmə və ölkələrarası əməkdaşlıq




.png)
.jpg)
.png)