Gender əsaslı zorakılıq (GƏZ) artıq dünyanın hər bir yerində baş verən insan hüquqlarının ən kobud şəkildə pozulması halı kimi qəbul edilməyə başlayıb. Aşağıda siz GƏZ haqqında ən çox soruşulan suallara cavab tapa bilərsiniz:
GƏZ nədir?: GƏZ-in ümumdünya səviyyəsində qəbul edilmiş vahid tərifinin olmamasına baxmayaraq, bu termin cinsi əsaslarda törədilən fiziki, cinsi, psixoloji və iqtisadi zorakılıq hallarına dəlalət edir.
Qadınlara qarşı zorakılıq nədir (QQZ)?: Pekin Fəaliyyət Platformasında qadınlara qarşı zorakılıq şəxsi və ya ictimai həyatda baş verən hədə-qorxular, müəyyən hərəkətlərə vadar etmə, özbaşına azadlıqdan məhrum etmə halları da daxil olmaqla qadınlara fiziki, cinsi və ya psixoloji ziyan vuran və ya əzab verən və ya ziyanla və əzabla nəticələnə biləcək hər bir gender əsaslı zorakılıq aktına dəlalət edir.
GƏZ-in hansı formaları var?: Qadınlara qarşı zorakılıq emosional zorakılıqdan tutmuş namus qətllərinə qədər müxtəlif formalarda təzahür edə bilər. Pekin Fəaliyyət Platformasında bu formalar aşağıdakı kimi təsvir olunub:
- Döyülmə, qız uşaqlarına qarşı cinsi zorakılıq, cehiz üstündə zorakılıq, nikah daxili zorlama, qadınların cinsiyyət orqanlarına ziyanın vurulması (qadın sünnəti) da daxil olmaqla qadınların səhhətinə ziyan vuran və ailədaxilində baş verən, eyni zamanda, adət-ənənələrlə haqq qazandırılan digər hallar, digər şəxslər tərəfindən törədilən zorakılıq və istismarla əlaqəli olan zorakılıq.
- İcmada baş verən zorlama, cinsi zorakılıq, iş yerində, təhsil müəssisələrində və s. yerlərdə baş verən cinsi istismar, qadın alveri və məcburi fahişəlik.
- Dövlət tərəfindən həyata keçirilən və ya baş verdiyi təqdirdə dövlət tərəfindən heç bir müdaxilə edilməyən fiziki, cinsi və psixoloji zorakılıq.
Qadınlara qarşı zorakılıq hallarına, həmçinin, silahlı münaqişələr zamanı qadın hüquqlarının pozulması, xüsusilə qətllər, sistematik zorlamalar, cinsi köləlik və məcburi hamiləlik daxildir. Bura, həmçinin, məcburi sterilizasiya və məcburi abortlar, kontraseptivlərdən məcburi istifadə, kiçik yaşlı qızların öldürülməsi və prenatal cinsi seleksiya da aiddir.
GƏZ-in nə kimi nəticələri ola bilər?: GƏZ-in həm fərdlər, həm də bütövlükdə cəmiyyət üçün fiziki, mental, sosial və iqtisadi nəticələri danılmazdır. GƏZ hətta davamlı inkişaf naminə həyata keçirilən güclü cəhdlərə belə mane olaraq, sağlam və tərəqqi edən və demokratik dəyərlər və insan hüquqlarına hörmətə əsaslanmış cəmiyyətlərin qurulması yolunda böyük maneə təşkil edə bilər. Yaralanma, ölüm, cinsi və reproduktiv sağlamlıq problemləri (CÖİ (cinsi yolla ötürülən infeksiyalar), İİV/QİÇS, arzu olunmayan hamiləliklər, məcburi abortlar, uşaq salmalar, uşaqların az çəki ilə dünyaya gəlməsi və ya ana bətnində ölməsi), riskli davranışlar (bir neçə cinsi partnyorun olması, qorunmamış cinsi əlaqələr, narkotik maddələrdən istifadə), əqli sağlamlıq problemləri (depressiya, post-travmatik stress, yuxu pozuntuları), fiziki sağlamlıq problemləri (baş ağrıları, bel ağrıları, qarın ağrıları, hərəkətin məhdudlaşması və s.) GƏZ-in yaratdığı səhiyyə problemlərindəndir. Təcridolunma, işləyə bilməmək, gəlirin azalması, özləri və uşaqlarına qayğı göstərmə bacarıqlarının məhdudlaşması GƏZ-in yaratdığı sosial və iqtisadi problemlər sırasındadır.
GƏZ-lə mübarizə üzrə beynəlxalq səviyyədə hər hansı hüquqi və ya siyasi platforma varmı?: Bəli. GƏZ-lə mübarizənin və qlobal səviyyədə gender bərabərsizliklərinin aradan qaldırılmasının vacibliyi bir sıra beynəlxalq sənədlərin maddə və müddəalarında əks olunub. Bunlardan ən əsasları aşağıdakılardır:
Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv olunması üzrə BMT Konvensiyası
Qadınlara qarşı Zorakılığın Aradan Qaldırılması üzrə BMT Bəyannaməsi
Əhali vəİnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) Fəaliyyət Proqramı
Beynəlxalq razılaşmalarla yanaşı GƏZ-lə mübarizəni səmərəli şəkildə təşkil etmək məqsədilə milli qanunvericilik sənədlərinin və fəaliyyət planlarının hazırlanması artıq hər bir dövlət ayrıca məsuliyyət daşıyır. Milli qanunvericilik və siyasət platforması üçün bura müraciət edin



